logo

Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:11 03-05-2021 | icon 2219
Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı mayın 3-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

YeniAvropa xəbər verir ki, ardınca Şəhidlər xiyabanına gələn səfir ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüb.

Səfir Cahit Bağçı bildirib ki, burada uyuyan şəhidlər azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşublar. Bununla da iki dövlət, bir millət olduğumuzu göstəriblər. Bu qəhrəmanlıqlardan ilham alan azərbaycanlı qardaşlarımız illər sonra işğal altında olan Qarabağı azad etdilər.