Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təşkilatçılığı ilə Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir.
YeniAvropa xəbər verir ki, konqres iştirakçıları əvvəlcə türk dünyasının böyük övladları – ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Konqresin həmsədrləri - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor İlqar Qasımov və Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin nümayəndəsi, Türkiyənin “Balta Liman” xəstəxanasının professoru Vedat Şahin çıxış edərək tədbirin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, tədbirdə türkdilli ölkələrdən 80-dən çox ortoped və travmatoloq iştirak edir.
Tədbir tematik sessiyalarla işini davam etdirib.
Konqres öz işini aprelin 21-də başa çatdıracaq.