logo

Azərbaycanda koronavirusla bağlı vəziyyət çox yaxşıdır-ÜST rəsmisi

15:30 03-02-2021 | icon 2345
Azərbaycanda koronavirusla bağlı vəziyyət çox yaxşıdır-ÜST rəsmisi

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət çox yaxşıdır. Həm ölüm sayları, həm də yeni yoluxma halları azalıb. Bu, hökumətin gördüyü tədbirlərin səmərəliliyini, həm də insanların tələb olunan qaydalara riayət etdiyini göstərir. Bunun davamı çox önəmlidir. Məlumdur ki, dünyada koronavirusun yeni mutasiyaları var. Bütün görülən işlər mutasiyalara qarşı da effektivdir. Ona görə də insanların özlərini qorumağa davam etməsi vacibdir.

YeniAvropa xəbər verir ki,bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

O, peyvəndlərin təsirləri barədə danışaraq deyib: “Peyvəndlərin insanlara tətbiqindən öncə klinik sınaqlar həyata keçirilir. Təhlükəsiz olduğu halda insanlara tətbiq edilməyə başlanılır. Lakin bundan sonra monitorinq çox önəmlidir. Hazırda dünyada COVID-19 əleyhinə geniş istifadə olunan vaksinlərin monitorinqləri aparılır. Hələ ki, peyvəndlərdən sonra ciddi bir əks-təsirə rast gəlinməyib. Buna baxmayaraq, monitorinqlərin davam etdirilməsi zəruridir. Vaksinasiyadan sonra ölüm hallarının qeydə alınması faktları araşdırılır. Çünki hər gün insanlar müxtəlif səbəblərdən vəfat edirlər. Vaksin vurulan insanlar da fərqli səbəblərdən vəfat edə bilərlər. Onun vaksinlə əlaqəsinin olub-olmamasının araşdırılması çox önəmlidir. Avropada aparılan tədqiqatlarda bu ölümlərin birbaşa peyvəndlərlə əlaqəsi olmadığı müəyyənləşib. Lakin vəziyyəti izləmək vacibdir”.

“İnsanlar COVID xəstəliyini keçirdikdən sonra onlarda bəzi simptomların uzun müddət davam etdiyini bilirik. Lakin bunun xəstəliyin ağırlığına və ya nəticəsinə necə təsir etdiyi məlum deyil. Yeni bir xəstəlik olduğuna görə belə halların da monitorinqi vacibdir. Əgər insanlarda simptomlar keçməzsə, onlar müalicə edən həkimlə əlaqə saxlamalıdırlar. Xəstəliklə mübarizədə hər kəsin diqqət etməli olduğu şeylər eynidir. Ara məsafəsinin qorunması, əl gigiyenası, maska istifadəsi və otaqların tez-tez havalandırılması lazımdır. İnsanların kütləvi toplaşdığı yerlərdə yoluxmaların olmaması mümkün deyil. Amma biz həyatımıza qaydalara diqqət edərək davam etmək məcburiyyətindəyik. Vətəndaşlara indiyədək riayət etdiyi və Azərbaycanda epidemiyanı nəzarət altına almağa nail olduqları qaydalara əməl etməyi tövsiyə edirəm”, - deyə H.Harmancı qeyd edib.