logo

TÜRKSOY ilə Macarıstan arasında anlaşma Memorandumu imzalanıb

13:49 10-10-2019 | icon 4564
TÜRKSOY ilə Macarıstan arasında anlaşma Memorandumu imzalanıb

1993-cü ildə Ankarada yaradılmış Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY türkdilli xalqların birliyini möhkəmləndirmək, ümumi kökləri olan mədəniyyətləri təbliğ etmək və ümumi mədəni irsi gələcək nəsillərə ötürmək üçün bütün dünyada tədbirlər keçirir. Bu tədbirlərdə TÜRKSOY-un üzvü olan dövlətlərin alimləri və mədəniyyət xadimləri, habelə tərəfdaş ölkələrin nümayəndələri iştirak edirlər. TÜRKSOY ilə Macarıstan arasında inkişafda olan əməkdaşlıq bu kontekstdə elə bir səviyyəyə çatıb ki, onu inamla başqa ölkələrə örnək göstərmək olar.

TÜRKSOY rəhbərliyi və Macarıstan hökuməti arasında danışıqlar nəticəsində qərara alınıb ki, əldə olunmuş tərəqqi əməkdaşlıq sahələrini müəyyən edəcək, gələcək qarşılıqlı fəaliyyət və dialoq üçün rəhbər sənəd olacaq sazişin imzalanması yolu ilə təsbit edilməlidir.

 YeniAvropa xəbər verir  ki, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Macarıstan İnsan Resursları Nazirliyinin dövlət katibi Zoltan Lyorintsi oktyabrın 9-da mədəniyyət sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında Memorandum imzalayıblar. Bu sənəd Macarıstan ilə TÜRKSOY arasında əsası Budapeştin qurumda müşahidəçi statusu aldığı gündən qoyulmuş münasibətlərin institusionallaşdırılmasına təkan verib. Bu fəxri status Macarıstana ötən il TÜRKSOY-un üzvü olan dövlətlərin VI Sammitində verilib. Sammitdə iştirak edən Macarıstanın Baş naziri Viktor Orban nitqlə çıxış edib.

Oktyabrın 9-da imzalanmış sənəd Macarıstan ilə TÜRKSOY-un üzvü olan dövlətlər arasında musiqi, teatr, rəqs sənəti, təsviri sənət, ədəbiyyat, kitab çapı, audiovizual sənət, kitabxanaçılıq və muzey işi sahələrində əməkdaşlığı təşviq edir.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Memorandumun imzalanması mərasimində deyib: “Macar xalqı ilə ümumi cəhətlərimiz çoxdur. Məsələn, bizim ənənələrimizin qorunub saxlanılmasının vacibliyinə dair baxışlarımız tamamilə üst-üstə düşür. Macarıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) ofisinin açılması və TÜRKSOY ilə Macarıstan arasında əməkdaşlığın səviyyəsi ölkələrimizin inteqrasiyasının yeni erasından, habelə ümumi dəyərlərin olmasından xəbər verir. TÜRKSOY ilə Macarıstan arasında münasibətlərin institusionallaşdırılması bütün türk dünyası üçün çox faydalı olacaq və bu da Avropada türk dünyasının səsinin möhkəmlənməsinə müsbət təsir göstərəcək”.

TÜRKSOY-un Baş katibi Macarıstanın İnsan Resursları Nazirliyinin başçısı Mikloş Kaşleri təşkilatın üzvü olan dövlətlərin Mədəniyyət Nazirləri Şurasının iclasına dəvət edib. Qeyd edilib ki, TÜRKSOY kimi təşkilatlar əməkdaşlığı genişləndirməyə kömək edirlər.

Mərasimdə Azərbaycan, Türkiyə və Qazaxıstanın Macarıstandakı səfirliklərinin əməkdaşları, Türk Şurasının Budapeştdəki nümayəndəsi iştirak ediblər.