logo

Azərbaycanda Qaraçay-Çərkəz Mədəniyyət Günləri keçiriləcək

18:57 03-10-2019 | icon 4991
Azərbaycanda Qaraçay-Çərkəz Mədəniyyət Günləri keçiriləcək

Qaraçay-Çərkəz Respublikasının (QÇR) “Gənclərin intellektual-yaradıcılıq cəmiyyəti” ictimai gənclər təşkilatı oktyabrın 5-9-da “Azərbaycanda Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri” yaradıcılıq layihəsini həyata keçirəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə  “Severnıy Kafqaz” portalı məlumat yayıb. Bildirilib ki, Qaraçay-Çərkəz Respublikasının nümayəndə heyətinə Rusiya subyektinin mədəniyyət naziri Ramazan Borokov başçılıq edəcək.

QÇR Mədəniyyət Günlərinin təntənəli açılışı oktyabrın 5-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçiriləcək. Açılışda QÇR-in tanınmış estrada artistləri Fatimə Kitayeva, Aida Bayramukova, Maya Ramazanova, “Elbrus” Dövlət Rəqs Ansamblının xalq yaradıcılığı kollektivi çıxış edəcəklər. Bayram proqramında milli geyimlərin nümayişi, dirçəldilmiş xalq sənətkarlığı nümunələrinin sərgisi, mədəniyyət-ekskursiya ekspedisiyası nəzərdə tutulub.

Qaraçay-Çərkəz Respublikasının (QÇR) “Gənclərin intellektual-yaradıcılıq cəmiyyəti” ictimai gənclər təşkilatının rəhbəri, RF İctimai Palatasının üzvü Azamat Tlisov əmin olduğunu bildirib ki, bu layihə həyata keçiriləndən sonra Şimali Qafqaz regionları turistlər üçün daha maraqlı, biznesmenlər və sərmayədarlar üçün daha cəlbedici olacaq.

Azərbaycanda Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri ən geniş auditoriya – müxtəlif yaş kateqoriyalarından olan insanlar, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, rusiyalılar və xarici ölkələrdə yaşayan həmvətənlər üçün nəzərdə tutulub.

Möhtəşəm konsert layihənin kulminasiya nöqtəsi olacaq. Konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.