Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə ilə bağlı Şəki Mərkəzi Rayon Xəstəxanaya (MRX) 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.
Hadisə nəticəsində xəsarət alanlardan İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) helikopterlə KTM-ə göndəriliblər. Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Təcili Tibbi Yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur. Digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilərək Ambulator müalicəyə buraxılıblar.