logo

Bakıda “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

13:35 06-05-2019 | icon 4991
Bakıda “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Oktyabrın 18-21-də Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə festivalın təsisçisi Rəşid Ağamalıyev məlumat verib. Onun sözlərinə görə,  artıq film və ssenarilərin qəbulu başlayıb.

“Ötən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını “Ənənə və inkişafa yeni baxış” kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan “FilmFreeway” vasitəsilə təqdim edilə bilər”, – deyə R. Ağamalıyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

R. Ağamalıyev onu da deyib ki, bu il, həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. “Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

32 ölkədən 60 müraciət qəbul etdiklərini deyən R. Ağamalıyev, son müraciət tarixinin iyulun 31-də başa çatacağını söyləyib.

Festival haqqında daha ətraflı məlumatı www.animafilm.az saytından əldə etmək olar.

Xatırladaq ki, ötən ilki festivalda 65 ölkədən müraciətlər daxil olub.