Cari ildə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi noyabrın 4-də saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin İdman sarayında (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Qurumun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış binanın qarşısında olmalı və “Yazılı imtahana buraxılış vərəqəsi” ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub çap etməlidirlər.
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Qeyd edək ki, imtahan Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq keçirilir.