logo

Ehtiyatda olan hərbçilər ildə 1 dəfə toplanışlara çağırılacaqlar

14:14 18-10-2024 | icon 1379
Ehtiyatda olan hərbçilər ildə 1 dəfə toplanışlara çağırılacaqlar

Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

YeniAvropa xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti də müəyyən edilir. Bundan başqa, toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsində nəzərdə tutulduğu üçün Əsasnaməyə də bu dəyişikliyin edilməsi təklif olunur. Layihədə habelə mövcud normaların təkmilləşdirilməsi ilə bağlı və dəqiqləşdirmə xarakterli digər dəyişikliklər də yer alıb.