logo

Bakıda Özbəkistanın dövlət müstəqilliyinin 33-cü ildönümü qeyd edilib

20:50 02-10-2024 | icon 721
Bakıda Özbəkistanın dövlət müstəqilliyinin 33-cü ildönümü qeyd edilib

Oktyabrın 2-də Bakıda "The Ritz Carlton" hotelində Özbəkistan Respublikasının müstəqilliyinin 33 illiyinə həsr olunmuş rəsmi qəbul təşkil edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən  səfir Baxrom Aşrafxanov bildirib ki, Özbəkistan-Azərbaycan əlaqələrinin sürətli inkişafı ortaq tarixə, adət-ənənələrə, dinə, qarşılıqlı etimada əsaslanır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şafkat Mirziyoyevin xidmətləri ikitərəfli münasibətlərin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verir.

O qeyd edib ki, Azərbaycan prezidentinin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib.

B.Aşrafxanov Özbəkistanın Qarabağın bərpası prosesindən, burada sosial infrastrukturun və istehsal müəssisələrinin tikintisindən razı olduğunu vurğulayaraq, Özbəkistanın bu məsələdə Azərbaycana dəstəyini davam etdirəcəyini söyləyib.

file...00+1-

Diplomat iki ölkə arasında dostluq münasibətlərinin Cənubi Qafqazda və Mərkəzi Asiyada sülh, azadlıq və sabitlik naminə ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən baş nazirin müavini Şahin Mustafayev bildirib ki,Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlər vardır.

“Dövlət başçıları arasında şəxsi etimad və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndir. Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir”, - o bildirib.

file...00+1

 

Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 135,4 milyon ABŞ dolları təşkil edib.

“Bu ilin avqustunda prezidentlərin hər iki ölkənin biznes strukturlarının nümayəndələri ilə görüşü xüsusi diqqət çəkir. Eyni zamanda bir müddət əvvəl yaradılmış və nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu da bu məqsədlərə sərmayə yatırır”, - nazir söyləyib.

O, həmçinin Azərbaycanın Özbəkistanla nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini, yük axınının artırılması ilə bağlı dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların hər iki tərəf üçün yol xəritəsi olduğunu qeyd edib.

“2024-cü ilin birinci yarısında Azərbaycan və Özbəkistan arasında tranzit daşımaların həcmi 624 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 37 % çoxdur. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması ölkələrimiz arasında tranzit daşımaların imkanlarının və həcminin artırılmasına gətirib çıxarır”, - Baş nazirin müavini vurğulayıb.

Ş.Mustafayev iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığa toxunub: “Azərbaycan bu sahədə Özbəkistanla uğurlu birgə fəaliyyət üçün böyük perspektivlər görür. Ötən il ölkələrimiz arasında Enerji Tərəfdaşlığı üzrə yeni Yol Xəritəsi imzalanıb. Bu sənəd “yaşıl” texnologiyalara keçid və enerji resurslarından səmərəli istifadə də daxil olmaqla əməkdaşlığımızın geniş spektrini əhatə edir. Biz artıq “yaşıl” istiqamətin həyata keçirilməsi üzərində fəal işləyirik. Əminəm ki, birgə fəaliyyət bu sahədə əməkdaşlığımızı gücləndirəcək”.

O əlavə edib ki, Bakı mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına da böyük diqqət yetirir.

“Dövlət başçılarının müdrik rəhbərliyi ilə Azərbaycan-Özbəkistan münasibətlərinin maliyyə sahəsində dərinləşməsinin və əməkdaşlığımızın genişləndirilməsinin bundan sonra da qardaş ölkələrimizin mənafelərinə xidmət edəcəyinə əminliyimi bildirmək istərdim”, - Ş.Mustafayev fikrini tamamlayıb.