Azərbaycanın istehsal etdiyi “KALAN” suüstü dronu ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi nümayiş etdirilir.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsilah” Müdafiə Sənayesi Holdinqindən məlumat verilib.
Bildirilib ki, kamikadze tipli su dronu, həm manual, həm də avtomatik idarəetmə rejimində işləyə bilir, tək və ya sürü şəklində əməliyyat imkanları mövcuddur. Onun texniki xüsusiyyətləri - uzunluğu 1500 millimetr, eni 400 millimetr, sürəti 30 kilometr/saat, partlayıcı yük ağırlığı isə 5 kiloqramdır.
Məlumat verilib ki, dron uzaqdan manual idarəetmə ilə yanaşı, əvvəlcədən proqramlaşdırılmış avtomatik rejimdə də işləyə bilir. Avtomatik rejimdə təyin olunmuş koordinatlara yönəlmə imkanı var. Sürü rejimində dronlar bir-biri ilə əlaqəli şəkildə hərəkət edərək, birgə koordinasiyalı hücumlar həyata keçirə bilər. Bu, geniş əraziləri və bir neçə hədəfi eyni zamanda vurmağa imkan yaradır. GPS və ya daxili naviqasiya sistemləri vasitəsilə hədəfə dəqiq çatma təmin edilir. Dronlar su altında və üzərində hərəkət edə bilər, bu da görünməzlik və sürpriz effektini artırır. Dron 5 kiloqram ağırlığında TNT tipli partlayıcı maddə ilə təchiz olunub. Bu, böyük zərər verə biləcək yüksək partlayış gücünə malikdir. Su dronu, sahil mühafizəsi, hərbi dəniz əməliyyatları və strateji hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.