Sentyabrın 26-da Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
YeniAvropa xəbər verir ki, konfrans Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərləri və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Konfransın təşkilində məqsəd həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsidir.