Gürcüstanın Müdafiə Qüvvələrinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin poliqonunda “Eternity 2024” - çoxmillətli komanda-qərargah təliminin açılışı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin qərargah və səhra komponentlərində Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qulluqçuları, həmçinin Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin və Gürcüstan Dəmir Yollarının nümayəndələri iştirak edirlər.
Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Cicinadze təlim iştirakçıları qarşısında çıxış edib və təlimin uğurla keçirilməsini arzulayıb.
Təlimin ssenarisinə əsasən, Vaziani təlim rayonunda strateji əhəmiyyətli obyektlərin və regionun iqtisadi layihələrinin müdafiəsi oynanılacaq.
“ETERNITY 2024” çoxmillətli mühitdə qurumlararası koordinasiya və fövqəladə hallar zamanı kommunikasiyanı təkmilləşdirmək, eləcə də risklərin idarə edilməsi və qarşılıqlı uyğunluğu artırmaq məqsədi daşıyır.