Prezident İlham Əliyev Malta prezidenti xanım Miriam Spiteri Debonoya təbrik məktubu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məktubda deyilir:"Hörmətli xanım prezident,
Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar vardır. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".