logo

Ağdamda elektromobillərin şarj cihazları istehsal olunacaq

11:33 20-09-2024 | icon 1799
Ağdamda elektromobillərin şarj cihazları istehsal olunacaq

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müəssisəsi elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğuldur. Müəssisədə Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 və 10 Kv-luq elektrik paylayıcı qurğular, 0,4 kV-luq güc panelləri və idarəetmə panelləri, kondensator qurğuları və ölkədə ilk dəfə olaraq elektromobillərin şarj cihazları istehsal olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Eel Electric” MMC-nin direktoru Vüsal Mirzəyev məlumat verib.

O bildirib ki, sənaye parkının 1,7 hektar ərazisində yaradılan müəssisə iki mərhələdən ibarətdir. Müəssisəyə ümumilikdə 3 milyon manat investisiya yatırılması nəzərdə tutulub. Artıq birinci mərhələdə işlər yekunlaşıb. Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək.

Müəssisədə 70 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə qənaət edilib.