“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür
Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 30 il ötür.
YeniAvropa xəbər verir ki, təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
Ötən 30 ildə Azərbaycan neft sənayesi hansı inkişaf yolu keçib, nə kimi uğurlara imza atılıb? Gəlin tarixə qısaca da olsa, nəzər yetirək.
1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb.
“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.
1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında isə həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb.
“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Beləliklə Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyası gündəmə gəldi.
2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.
Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Bu vaxtadək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3,47 milyard barreldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 4526 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 19 milyon 77,1 min ton neft ötürülüb. Səkkiz ayda BTC ilə 2 milyon 764,7 min ton tranzit nefti də nəql olunub.
Cari il sentyabrın 1-dək isə dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılıb. Bunun da 162 milyon tonu Bakı-Supsa, Bakı-Novorossiysk və dəmir yolu ilə, 417 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.
Yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 48 milyon dollar, əsaslı xərclərə isə 14 milyon dollar sərf edilib. “BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.
Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına geniş məbləğdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. İndiyədək isə “Azəri-Çıraq-Günəşli” layihəsi hesabına 145,8 milyard dollar gəlir əldə olunub.
SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.
Hazırda AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Bu vaxtadək AÇG-dən hasil edilən 3,8 milyard barrel neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.
Artıq 22-ci ildir ki, AÇG layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Cari il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb ki, bu da həmin vaxtadək çıxarılmış AÇG neftinin 59 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub. Hazırda 26 ildir ki, “Əsrin müqaviləsi” çərçivəsində işlər uğurla davam etdirilir.
Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 145 milyard dollardan çox gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 657 milyon dollar vəsait daxil olub. O cümlədən bu ilin 8 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 232 milyon dollar təşkil edib. 2007-ci ildən indiyədək isə bu rəqəm 3 milyard dolları ötüb.
Xatırladaq ki, 2017-ci ildə isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard ton neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.
Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Bütün bu uğurların əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, payı var. Bunu nəzərə alan prezident Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İlham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb