logo

“Mygov” rəqəmsal hökumət platforması yenilənib

11:11 17-09-2024 | icon 847
“Mygov” rəqəmsal hökumət platforması yenilənib

Bakıda yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının rəsmi təqdimatı keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş “mygov” hökumət platformasını Azərbaycanın rəqəmsal inkişafında mühüm mərhələ kimi qeyd edib.

“Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir”, - deyə S.Məmmədov bildirib.

Nazir müavini vurğulayıb ki, ölkəmizin rəqəmsallaşma prosesinin mərkəzində insan kapitalının gücləndirilməsi dayanır.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest Təqaüd” proqramı və Holberton Məktəbi kimi təşəbbüslər ixtisaslı işçi qüvvəsinin yaradılmasında mühüm rol oynayır. “Technest” vasitəsilə 8000-dən çox şəxsə İKT üzrə təqaüdlü təhsil verilib. Biz, həmçinin kibertəhlükəsizlik üzrə peşəkarların yeni nəslini yetişdirmək üçün İsrailin “Technion” Universiteti ilə əməkdaşlıq edərək, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaratdıq. Bu günə qədər 180 nəfər təlimləri bitirib, onların 72 faizi özəl və dövlət sektorunda işlə təmin olunub. Hazırda daha 60 tələbənin iştirak etdiyi dördüncü mərhələ üzrə təlimlər davam edir”, - deyə S.Məmmədov bildirib.

Samir Məmmədov yenilənmiş platformanın üstünlüklərinə diqqət çəkib: “mygov” vasitəsilə vətəndaşlar bir neçə kliklə öz şəxsi məlumatlarına daxil ola və yeniləyə, vacib bildirişləri izləyə və bəzi prosesləri avtomatlaşdıra bilərlər. Bu, rəqəmsal hökumət ekosistemini inkişaf etdirir, vətəndaşların artıq fiziki ofislərdə vaxt keçirməyə və ya ağır sənədləşmə işləri ilə məşğul olmağa ehtiyac duymamasını təmin edir. İlin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15 faizinin rəqəmsal formaya keçməsini hədəfləyirik”, - deyə nazir müavini əlavə edib.

  Daha sonra çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva platformanın missiya və hədəflərindən bəhs edib: “İki il öncə bu yola çıxarkən hədəfimiz vətəndaş mərkəzli və istifadəçilərin dostu olan platforma yaratmaq, davamlı və etibarlı yanaşma təqdim etmək idi. Bu gün isə vətəndaşlarımızın həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən çevik, səmərəli rəqəmsal hökumət təqdim edirik. Uzunmüddətli texnoloji həllər qurmaqla yanaşı, beynəlxalq təcrübəni yerli şəraitə uyğunlaşdıraraq sürətlə inkişaf edirik. “mygov” sadəcə bir platforma deyil, vətəndaşlarımız üçün dəstək və qayğının simvoludur”.

Sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədr müavini Rəşad Xalıqov təqdimatla çıxış edib. Təqdimatda “mygov” platformasının təqdim etdiyi yeni xidmətlər və üstünlüklər haqqında məlumat verilib. Bildirilib ki, platformanın yenilənmiş versiyasında ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Nikah üçün lazımi sənədləri rəqəmsal şəkildə təqdim etmək, yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq artıq platforma üzərindən mümkündür.

Diqqətə çatdırılıb ki, “mygov” tətbiqində 40-dan çox məlumat “məlumatlarım” bölməsində yerləşdirilib. Bununla yanaşı şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm şəhadətnaməsi kimi sənədlər də rəqəmsal formada təqdim edilir. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa bilərlər. “mygov” mobil tətbiqində paylaşılan məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür.

Yenilənmiş versiyada təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və müraciət funksiyası vasitəsilə vətəndaşlar dövlət xidmətləri ilə əlaqəni daha sürətli və şəffaf şəkildə qura bilərlər. Platformada, eyni zamanda, elektrik doldurma məntəqələrinin siyahısı, kommunal abunə kodlarının dəyişdirilməsi, pensiya kalkulyatoru, yerli icra hakimiyyətlərinə vətəndaş qəbulu kimi xidmətlər aktiv edilib.

Tədbirdə dövlət və özəl qurumların rəhbər şəxsləri, media nümayəndələri və sahə ekspertləri iştirak ediblər.

Qeyd edək ki, təqdimatın sonunda media nümayəndələri üçün sual-cavab sessiyası təşkil olunub. İRİA rəhbərliyi tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.