logo

Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək

12:52 13-09-2024 | icon 1232
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək

Sentyabrın 26-da  “The Ritz-Carlton” otelində “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Su İnnovasiya Forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə forumun təşkilat komitəsindən bildirilib.

“Gələcək üçün su” şüarı altında keçiriləcək IV Su İnnovasiya Forumunun əsas məqsədi nəinki ölkəmizdə, o cümlədən Xəzəryanı dövlətlərdə və regionda su və ətraf mühit mövzularında təcrübələrin mübadiləsi, beynəlxalq elmi yeniliklərin nümayişi, yerli sahibkarlarla dövlət və xarici tərəfdaşların əməkdaşlığının dərinləşdirilməsi, eyni zamanda, su ehtiyatlarının dayanıqlı idarə edilməsində “yaşıl həll”ərin təqdimatıdır.

IV Su İnnovasiya Forumunda fəxri qonaqlar qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də aidiyyəti digər dövlət qurumlarının yüksəkvəzifəli səlahiyyətli nümayəndələri, yerli və xarici sahəvi şirkətlərin rəhbər və mütəxəssisləri olacaqdır.

İlk panel “Su ehtiyatlarının idarəedilməsində beynəlxalq təcrübələrin tətbiqi – Holland təcrübəsi” olacaqdır. Bu paneldə Niderland Krallığının dinamik, inkişaf edən, qabaqcıl şirkət və qurumların nümayəndələri, o cümlədən “Royal Haskoning DHV”, “IHE Delft” Su Təhsili İnstitutu, “Spaans Babcock BV”, “Nijhuis Saur Industries” və digər şirkətləri iştirak edərək müasir sutəmizləmə texnologiyaları, su idarəedilməsində effektiv və səmərəli həllər, o cümlədən qabaqcıl texnologiyaların tətbiqi, su təsərrüfatlarında dayanıqlı idarəetmə təcrübələri kimi bir sıra aktual mövzularda məruzə ilə çıxış edəcəklər. İlk paneli Niderland Krallığının Rotterdamın Erasmus Universitetində (“Erasmus University Rotterdam”) İdarəetmə və İctimai Siyasət üzrə baş müəllim, eləcə də Sinqapur Milli Universitetinin (“National University of Singapore”) Li Kuan Yu İctimai Siyasət Məktəbində aparıcı tədqiqatçı kimi fəaliyyət göstərən elmi mütəxəssis Fərhad Muxtarov idarə edəcəkdir.

IV Su İnnovasiya Forumu dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, aidiyyəti sahə üzrə nümayəndələr və mütəxəssislərin iştirakı, “Aqualink” MMC, “Nijhuis Saur Industries”, “AO Smith”, “Chemya” şirkətləri və “Referans” Klinik Laboratoriya Mərkəzinin baş sponsorluğu ilə keçiriləcəkdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

“Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində çoxillik təcrübəyə və ixtisaslaşmaya malikdir.

“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə malikdir və beynəlxalq səviyyədə tanınır. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları, həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı, eksklüziv nümayəndəsidir.

“Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015, ISO 14001: 2015 sertifikatlarına malikdir.