logo

Ceyhun Bayramov ukraynalı həmkarı ilə telefonla danışıb

15:55 10-09-2024 | icon 1078
Ceyhun Bayramov ukraynalı həmkarı ilə telefonla danışıb

Sentyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

İki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu bildirilib.

Nazir Andrey Sibiqa təbriklərə görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə ümidvar olduğunu deyib.

Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpası və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.