logo

Qazaxıstanda TDT ölkələri  gənclər və idman nazirlərinin görüşü olub

10:30 10-09-2024 | icon 742
Qazaxıstanda TDT ölkələri  gənclər və idman nazirlərinin görüşü olub

Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 8-ci iclası keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Basqaldakı iclasın davamının Astanada da uğurla nəticələnəcəyinə inandığını bildirib, Türk dövlətləri ilə əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb. Azərbaycanın TDT çərçivəsində bir sıra ortaq layihələri uğurla həyata keçirdiyini qeyd edərək, bu cür tədbirlərin gələcəkdə daha çox və davamlı uğurların birgə qazanılacağına inandığını bildirib. Fərid Qayıbov həmkarlarını Lənkəranda 2024-cü il üçün “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış mərasiminə, eləcə də gələn il ölkəmizdə keçirilməsi planlaşdırılan “Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu”na dəvət edib.

Digər ölkələrin nazirləri bundan öncəki iclasa Basqalda uğurla ev sahibliyi üçün Azərbaycana təşəkkür ediblər. Türk dövlətlərinin Olimpiya həmrəyliyindən danışan Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov Paris Olimpiadasında cüdoçularımızın uğurlu çıxışını da xüsusi qeyd edib və bu münasibətlə Azərbaycanı təbrik edib.

İclasda Türk dövlətləri arasında gənclər və idman sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və digər məsələlər müzakirə edilib.