Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşəbbüsü və layihəsi əsasında “Mən, Lalə, bir də Şerlok Holms” adlı teleserial çəkilir.
YeniAvropa xəbər verir ki, çəkilişlər əsasən Balakən rayonunda həyata keçirilir.
Serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik Murad növbəti dəfə yay tətilinə çıxıb və istəməsə belə, valideynləri işdə olduğu üçün bütün yayı nənə və babasının yanında – kənddə keçirəcək. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qacetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır.
Teleserialın quruluşçu rejissoru Rüfət Şahbazov, serialın ideya müəllifi və ssenaristi Tural Sevdimalı və Vüqar Hüseynovdur.