logo

“Qarabağ” polşalı qolkiperlə 3+1 illik müqavilə imzalayıb

12:32 15-08-2024 | icon 1946
“Qarabağ” polşalı qolkiperlə 3+1 illik müqavilə imzalayıb

“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.

Ağdam təmsilçisi ilə 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava”da forma geyinib.

Qeyd edək ki, qolkiper bu ilin iyununda Polşanın əsas millisinin Avro-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.