Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosunun (İSB) birgə əməkdaşlığı çərçivəsində ikinci dəfə Sığorta Festivalı təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə ASA-dan bildirilib. Qeyd edilib ki, festival 17 avqust-7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala avqustun 17-də Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək və ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust İsmayıllı, 31 avqust Mingəçevir və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.