logo

Azərbaycanın səfiri etimadnaməsini Monqolustan prezidentinə təqdim edib

12:32 20-11-2023 | icon 1127
Azərbaycanın səfiri etimadnaməsini Monqolustan prezidentinə təqdim edib

Azərbaycanın Monqolustandakı səfiri Ramin Həsənov etimadnaməsini bu ölkənin Prezidenti Uxnaaqiyn Xurelsuxa təqdim edib.

YeniAvropa xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Bator şəhərindəki Dövlət Sarayında təşkil olunan mərasimdə Azərbaycan və Monqolustanın dövlət himnləri ifa olunub.

Səfir Ramin Həsənov etimadnaməsini Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxa təqdim edib.

Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Monqolustan prezidentinə çatdıran səfir ölkəmizin Monqolustanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkənin qədim tarixi köklərə söykənən münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu deyib.

Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux səfiri təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, öz növbəsində salamlarının və ən xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Uxnaaqiyn Xurelsux Azərbaycan səfirinin fəaliyyətinin iki dövlət arasında əməkdaşlığın güclənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb, Monqolustanın Prezident Administrasiyasının və hökumətinin səfirin fəaliyyətinə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Monqolustan prezidenti ölkəsinin Azərbaycanla ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib.

Mərasimdən sonra səfir Ramin Həsənov Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxla ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıb.