logo

Bakıda qadınların hüquqları ilə bağlı beynəlxalq konfrans keçirilir 

10:10 20-11-2023 | icon 3290
Bakıda qadınların hüquqları ilə bağlı beynəlxalq konfrans keçirilir 

 

Noyabrın 20-də Bakı “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

YeniAvropa xəbər verir ki, konfransda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova prezident İlham Əliyevin tədbir iştirakçılarına müraicətini oxuyub.

Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.