Noyabrın 11-də Azərbaycanda növbəti dəfə qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası təşkil olunub, ölkə ərazisində 11 min 111 ədəd ağac əkilib.
YeniAvropa xəbər verir ki, belə aksiyalardan biri Bakının Müşfiqabad qəsəbəsində təşkil olunub. Həmin ağacəkmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri, Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin qonaq qismində Tacikistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, tərəfdaş təşkilatlar və könüllülər iştirak ediblər.
Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın qardaş Türkiyədə keçirilən aksiyaya üçüncü ildir ki, qoşulduğunu və bu günün respublikada geniş miqyasda qeyd edildiyini bildirib. Nazir ölkəmizdə önəmli günlərdə də müxtəlif qurumlarla birlikdə ağacəkmə aksiyalarının keçirildiyini, vacib əhəmiyyətli təqvimlərdə ətraf mühitin sağlamlaşdırılmasına yönələn təşəbbüslərin icra edildiyini diqqətə çatdırıb. Türkdilli ölkələrin nümayəndələri ilə birlikdə keçirilən aksiyadan məmnunluğunu ifadə edən M.Babayev qarşıdakı illərdə bu aksiyanın daha da geniş miqyasda keçirilməsi arzusunda olduğunu vurğulayıb.
Xatırladaq ki, bu ildən 11 noyabr tarixi "Türk dövlətləri Milli Ağaclandırma Günü” kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.