logo

IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

11:44 11-11-2023 | icon 9310
IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

Noyabrın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, kitab oxumaq mədəniyyətimizin əsas təməlidir. "Bu gün Azərbaycan dövləti kitab sənayesinin inkişafına və oxu mədəniyyətinin fəaliyyətinə geniş şəkildə önəm verir. Nəşriyyat və poliqrafiya işinin inkişafında çox yaxından iştirak edir. Azərbaycan dövləti tərəfindən kitab sənayesinin inkişafına xüsusi diqqət yetirilir”, - deyə nazir diqqətə çatdırıb.

Qeyd edək ki, kitab sərgisində 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. 

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi noyabrın 15-dək davam edəcək.