logo

İƏT nümayəndə heyəti Gəncədıt

10:50 04-09-2023 | icon 476
İƏT nümayəndə heyəti Gəncədıt

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncə şəhərinə gəliblər.

YeniAvropa xəbər verir ki, nümayəndə heyəti Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsini, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Qonaqlara 2020-ci ilin oktyabrında Ermənistanın Gəncədə dinc sakinləri hədəf alan terror aktları barədə məlumat verilib. Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan - “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə atəşə tutub. Bu hücumların həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Qeyd olunub ki, 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.

Nümayəndə heyətinin "İmamzadə" ziyarətgah dini kompleksini də ziyarət etməsi nəzərdə tutulur.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

Qeyd edək ki, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ötən gün Füzuli və Ağdam rayonlarında da olub.