logo

Prezidentin imzaladığı Əfv Sərəncamının icrasına başlanılıb

12:12 08-05-2023 | icon 581
Prezidentin imzaladığı Əfv Sərəncamının icrasına başlanılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" sərəncamının icrasına başlayıb.

YeniAvropa xəbər verir ki, sərəncamın icrası Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində və Probasiya Xidmətdə həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Ədliyyə Nazirliyinin nümayəndələri cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə sənədləri təqdim edirlər.

Qeyd edək ki, sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var.