logo

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

11:33 01-03-2023 | icon 952
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Fevralın 28-də Bakıda Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Səudiyyə Ərəbistanı tərəfindən xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim Əl-Xureyci rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səudiyyə Ərəbistanı tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.