logo

Azərbaycanda 12 min MVt-lıq külək və günəş enerjisi layihəsi icra olunacaq

22:33 17-01-2023 | icon 805
Azərbaycanda 12 min MVt-lıq külək və günəş enerjisi layihəsi icra olunacaq

Prezident İlham Əliyev bu gün Davosda “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə “Fortescue Future Industries” şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulanıb. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulanıb.

Görüşdə ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.