logo

Nursultan Nazarbayevin ailə üzvləri mülkiyyət toxunulmazlığı hüququnu itirir

11:33 13-01-2023 | icon 574
Nursultan Nazarbayevin ailə üzvləri mülkiyyət toxunulmazlığı hüququnu itirir

Qazaxıstan parlamenti cümə günü “Qazaxıstan Respublikasının birinci prezidenti - Elbası haqqında” qanunun qüvvədən düşməsi barədə qərar qəbul etdikdən sonra Nursultan Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirəcək.

YeniAvropa  "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev bildirib. Onun sözlərinə görə, “Qazaxıstan Respublikasının prezidenti haqqında” qanuna uyğun olaraq Nursultan Nazarbayevin şəxsi toxunulmazlığı, o cümlədən sosial təminatı, müdafiəsi, nəqliyyat xidmətləri və xidməti mənzillə təminatı normaları qüvvədə qalacaq.

Xatırladaq ki, ölkə parlamenti yanvarın 13-də hər iki palatanın birgə iclasında “Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında” qanunu qüvvədən düşmüş hesab edib. Bundan sonra qanun layihəsi imzalanması üçün Qazaxıstan Prezidentinə göndəriləcək.

“Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında” qanun Nursultan Nazarbayevin və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi. Qanun sabiq prezidentin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ verirdi. Bundan sonra isə onun səlahiyyətləri prezident haqqında qanunla tənzimlənəcək.