logo

İrandan Azərbaycana 24 kq narkotika gətirən səxs saxlanılıb

11:55 11-01-2023 | icon 511
İrandan Azərbaycana 24 kq narkotika gətirən səxs saxlanılıb

Kəskin hava və relyef şəraitindən istifadə etməklə ölkə ərazisinə qeyri-leqal yollarla külli miqdarda narkotik vasitə keçirən mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü polis əməkdaşlarının xüsusi əməliyyatı nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Yardımlı rayon sakini Vüsal Vəliyev saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi avtomobildən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkarlanıb. İlkin sorğu zamanı Vüsal Vəliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini deyib.

Aparılan araşdırmalarla müəyyənləşdirilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib. Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etməklə yanaşı, şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməyi ilə Avropa ölkələrinə göndərmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.