logo

Şuşa, Ağdam və Füzuliyə dekabra olan biletlər satışa çıxarılır

11:55 24-11-2022 | icon 1610
Şuşa, Ağdam və Füzuliyə dekabra olan biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 25-də saat 16:00-da satışa çıxarılacaq.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda “www.yolumuzqarabaga.az” portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi iyunun 25-də həyata keçirilib. Bu günədək ümumilikdə 432 reys həyata keçirilib, 19 min 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.