logo

Türkiyədəki zəlzələdə 2 nəfər ölüb, 80 nəfər xəsarət alıb, 321 binaya zərər dəyib

23:32 23-11-2022 | icon 2492
Türkiyədəki zəlzələdə 2 nəfər ölüb, 80 nəfər xəsarət alıb, 321 binaya zərər dəyib

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 321 binaya zərər dəyib. Gölyakada beş bina və səkkiz ev ağır zədəli olaraq qiymətləndirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Nazir şiddətli yeraltı təkanlar nəticəsində Düzcedəki binaların 75 faizinə zərər dəymədiyini deyib. O, bunun səbəbini vilayətdə aparılan yenidənqurmanın ölkənin zəlzələnin idarə olunması qanunlarına uyğun aparılması ilə izah edib.

Hazırda araşdırmanın davam etdiyini qeyd edən nazir bildirib ki, xüsusi qruplar tərəfindən, ilk növbədə, şikayətlərin daxil olduğu ərazilərlə bağlı həm laboratoriyalarda, həm də alət və cihazlarla intensiv şəkildə araşdırmalar aparılır və bu işlər çox qısa zamanda tamamlanacaq.

Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), Qızıl Aypara Cəmiyyəti və Milli Tibbi Xilasetmə Qrupu (UMKE) toplanma yerlərindəki vətəndaşların müvəqqəti yaşayış daxil olmaqla bütün ehtiyaclarının qarşılanması istiqamətində işlər apardığını deyən Murat Kurum özünün də Düzceyə gedərək zərərin qiymətləndirilməsi işlərində iştirak edəcəyini söyləyib.

Bundan əlavə, baş verən zəlzələdən sonra vətəndaşların küçələrdə gözləməsi davam edir. Lakin, hidrometeoroloqlar axşam saatlarından etibarən bölgədə güclü yağış yağacağı, yağıntının leysan xarakterli olacağını proqnozlaşdırıblar. Vətəndaşlara sel və daşqınlara qarşı tədbirli olmaları ilə bağlı xəbərdarlıq edilib. Bölgədə havanın temperaturunun aşağı düşməsi gözlənilir.

Təbiət hadisəsi ilə bağlı Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən verilən son açıqlamaya görə, zəlzələdən sonra bölgədə ən böyüyü 4,3 olmaqla ümumilikdə 138 afterşok qeydə alınıb.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində Düzcedə 37, İstanbulda 2, Zonguldakda 10, Sakaryada 26, Boluda 1, Bursada 4 olmaqla ümumilikdə 80 nəfər xəsarət alıb. Onlardan 23-ünün müalicəsi davam edir.

Qeyd edək ki, zəlzələ zamanı 63 yaşlı Sevim Çengel infarkt keçirərək, 48 yaşlı Hikmət Çələbi isə yıxılma nəticəsində kəllə-beyin travması alaraq ölüblər.