logo

İran Kürdüstan vilayətinə qoşun yeridib

17:17 23-11-2022 | icon 1953
İran Kürdüstan vilayətinə qoşun yeridib

Hakimiyyət aksiyaçılarla dialoq qurmaq istəyir, lakin iğtişaşlar buna mane olur.

YeniAvropa xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi hökumətin iclasında deyib. O bildirib ki, hökumət hər zaman dialoq istəyində olub, problemləri dinləyib onların həlli istiqamətində addımlar atmaq niyyətindədir.

Aksiyaçılarla dialoqa getməyin zəruriliyini İran parlamentinin nümayəndəsi Məhəmmədhəsən Asəfəri də bildirib. Parlamentin iclasında çıxış edən deputat qeyd edib ki, dialoq başlamasa, İranda sabitliyin bərpası uzun sürəcək.

Bununla yanaşı, İranda kütləvi aksiyalar davam edir. Bu gün daxil olan məlumata əsasən, İranın Kürdüstan vilayətinə hərbi hissələr yeridilib. Xatırladaq ki, ötən gün Kürdüstan vilayətinin şəhərlərində baş verən kütləvi aksiyalarda polislə vətəndaşlar arasında silahlı toqquşma olub. Artıq aksiyaçılar təhlükəsizlik qüvvələrinin nümayəndələrinə atəş açırlar. Bəzi siyasi müşahidəçilər təcili tədbirlərin görülmədiyi təqdirdə, İranda vətəndaş müharibəsinin başlaya biləcəyini vurğulayırlar. Parlamentdə çıxış edən digər deputatlar nümayişçilərlə zor gücünə danışmaq ənənəsinə son qoyulmasını tələb ediblər. Onlar bütün günahın xarici dövlətlərin üzərinə atmağı düzgün olmadığını qeyd ediblər.

Hələlik isə aksiyalar davam edir. İranın məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Məsud Satayşi jurnalistlərə bildirib ki, aksiyalarda iştirak edən 40 nəfər xarici vətəndaş həbs edilib. Onun sözlərinə görə, bu adamlar insanları qızışdırmaqla məşğul olub, onları iğtişaşlara sövq ediblər.

Zahedan şəhərində isə həbs edilən 142 nəfər azadlığa buraxılıb. Şəhərin polis idarəsindən bildiriblər ki, sərbəst buraxılan adamlar iğtişaşlarda deyil, sadəcə olaraq kütləvi aksiyada iştirak ediblər. Onların təqsirkar olması haqqında heç bir sübut yoxdur.

İranda gərginlik davam edir.