logo

Azərbaycan QHT-ləri Fransanın beynəlxalq normalara zidd davranışlarına qarşı etiraz bəyanatı qəbul ediblər

14:31 23-11-2022 | icon 1505
Azərbaycan QHT-ləri Fransanın beynəlxalq normalara zidd davranışlarına qarşı etiraz bəyanatı qəbul ediblər

Ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları Fransanın Azərbaycana qarşı yönəlmiş hərəkətlərinin müzakirəsinə həsr edilmiş toplantı keçiriblər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən YeniAvropa-ya bildirilib ki, toplantıda Fransa Senatı, Milli Assambleyası, eləcə də, bu ölkənin bir sıra siyasi dairələrinin ayrı-ayrı zamanlarda açıq irqçi, islamofobiya, türkofobiya və azərbaycanofobiya fəaliyyətləri ilə gündəmə gəldikləri qeyd edilib. Paralel olaraq, Fransada fəaliyyət göstərən radikal erməni icmaları Azərbaycanın Parisdəki səfirliyinə, həmçinin bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyd yanaşıblar. Fransanın əlaqədar qurumları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının təhdidedici hərəkətlərini stimullaşdırıblar.

Toplantı iştirakçıları vurğulayıblar ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi dairələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa siyasi dairələri və ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir.

Özünü Avropada “demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışları aradan qaldırmaq əvəzinə, öz antibəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı aktları bənzərdirlər.

Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə qeyri-obyektiv, qərəzli olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.

Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofobiya, türkofobiya və azərbaycanofobiya prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır.

Toplantının sonunda QHT təmsilçiləri adından bəyanat qəbul edilib.

Bəyanatda qeyd edilir ki, “Fransa parlamentini və hökumətini ölkədə artmaqda olan irqçi, antisemit, türkofobiya və islamofobiya təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq. Bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik”.