logo

Ərdoğan ölkə sərhədləri xaricində yerüstü əməliyyatın anonsunu verdi

18:33 22-11-2022 | icon 490
Ərdoğan ölkə sərhədləri xaricində yerüstü əməliyyatın anonsunu verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda ölkə sərhədləri xaricində yerüstü əməliyyatın başlayacağını mümkün hesab edir.

YeniAvropa TRT telekanalına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə Artvin vilayətində su bəndinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Terrorçuların adları və yerləri bizə məlumdur. Biz onların kimlər tərəfindən himayə olunduğunu, silahlandırıldığını və ruhlandırıldığını da bilirik. İnşallah, yaxın vaxtlarda tanklarımız və artilleriyamızla terrorçuların kökünü kəsəcəyik... Biz İraq və Suriya ilə sərhədlərimiz boyu təhlükəsizlik xəttini müəyyən etmişik və bundan sonra heç kim sərhədlərimizin müdafiəsində bizə mane ola bilməyəcək”, - Türkiyə lideri belə deyib.

Noyabrın 20-nə keçən gecə Türkiyə ordusu 50-dən çox təyyarə və 20 pilotsuz uçuş aparatının iştirakı ilə İraqın şimalında və Suriyada hava əməliyyatları keçirərək PKK-nın və onun Suriya qolu olan YPG-nin bazalarına zərbələr endirib. Türkiyə Müdafiə Nazirliyi uğurlu əməliyyat nəticəsində terrorçuların əsas bazalarının məhv edildiyini bildirib.