logo

DÇ-2022:Niderland Seneqal komandasını məğlub edib-2:0

22:12 21-11-2022 | icon 1911
DÇ-2022:Niderland Seneqal komandasını məğlub edib-2:0

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

YeniAvropa xəbər verir ki,  A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gəlib. “Al-Tumama” stadionunda keçirilən görüş Niderland yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə Devi Klassen vurublar.

Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.

Beləliklə, birinci turdan sonra aktivində 3 xal olan Ekvador və Niderland ilk iki sıranı bölüşürlər. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerləri tuturlar.

Günün son matçında ABŞ yığması isə Uels ilə qarşılaşacaq.

Qeyd edək ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub. Dohadakı "Xəlifə" stadionunda keçirilən görüş İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.