logo

Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin qarantıdır-İlham Əliyev

16:59 21-11-2022 | icon 448
Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin qarantıdır-İlham Əliyev

Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır.

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının(YAP) sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında söyləyib.

Ordu quruculuğuna həmişə çox böyük diqqət göstərildiyini qeyd edən dövlət başçısı deyib: “Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir”.

Prezident vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmləndi.

“Biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Biz 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildik və uğurlu sədrliyimizə görə bizim sədrlik müddətimiz bir il daha uzadıldı, gələn ilin sonuna qədər biz sədrlik edəcəyik. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir”, - deyə dövlət başçısı bildirib.