logo

Azərbaycanla BƏƏ sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

19:20 18-11-2022 | icon 1610
Azərbaycanla BƏƏ sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması məqsədilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov noyabrın 15-17-də bu ölkədə səfərdə olub.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur.

Sənəd hər iki dövlətin milli qanunvericiliyinə əsasən keçirilən müvafiq prosedurların tamamlanmasından sonra qüvvəyə minəcək.