logo

Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının iclası keçirilib

17:37 17-11-2022 | icon 1883
Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının iclası keçirilib

Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi: keçilmiş yol və ikitərəfli münasibətlərin inkişafı perspektivləri regional və qlobal əməkdaşlıq kontekstində” mövzusuna həsr edilmiş ikinci iclası keçirilib. Tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən təşkil edilib.

YeniAvropa xəbər verir ki, tədbiri RBMŞ-nin baş direktoru Andrey Kortunov və BMTM-nin sədri Fərid Şəfiyev açıb. RF Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədr müavini Kazbek Taysayev, Azərbaycan XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İsgəndərov, Milli Məclisin deputatı Nizami Səfərov açılış mərasimində çıxış ediblər. Onlar vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri tərəflərin mənafelərinə qarşılıqlı hörmət kimi möhkəm təmələ, tarixi köklər və iki ölkənin liderləri – Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında yüksək etimada əsaslanır.

Məsələn, Kazbek Taysayev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında, əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin inkişafına Prezident İlham Əliyevin töhfəsini Rusiyada yüksək qiymətləndirirlər. Gələn il Heydər Əliyevin anadan olmasının 100 illiyi Rusiya Federasiyasında geniş qeyd ediləcək. Bu, xalqlarımızın ortaq tarixində bu böyük şəxsiyyətin rolunu bir daha müzakirə etməyə imkan verəcək.

Azərbaycan XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İsgəndərov qeyd edib ki, Rusiya və Azərbaycanın müstəqil dövlətlər kimi qarşılıqlı fəaliyyətdə olduğu 30 il ərzində onların davamlı strateji tərəfdaşlığı çoxqütblü dünya şəraitində suveren aktorların qarşılıqlı münasibətlərin modeli ola bilər.

Qeyri-rəsmi şəraitdə, interaktiv dialoq formatında aparılan müzakirələr zamanı spikerlər yeni reallıqlar şəraitində Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasına Rusiyanın və Azərbaycanın yanaşmalarını nəzərdən keçiriblər. Bununla əlaqədar, bir daha vurğulanıb ki, münaqişədən sonrakı gündəliyin həyata keçirilməsinin zəruriliyi, Azərbaycan ilə Ermənistan arasında Praqa və Soçidə aparılmış danışıqların yekunlarına əsasən hazırlanmış bəyanatlarda öz əksini tapmış ərazi bütövlüyünün qarşılıqlı tanınması və suverenliyə hörmətin prinsipləri əsasında sülh müqaviləsinin tezliklə bağlanmasına kömək baxımından, Rusiya və Azərbaycanın mövqeləri üst-üstə düşür.

Qeyd edilib ki, bu prosesin ləngidilməsi həm regionda əlavə gərginlik ocaqlarının yaranması, həm də kənar aktorların bu regionda pozucu fəaliyyəti üçün neqativ fon yaradır.

Rusiya-Azərbaycan Ekspert Şurasının üzvləri razılaşıblar ki, regionun iqtisadi inkişafı üzrə tərəflərin əməkdaşlığının gücləndirilməsi, bununla əlaqədar Cənubi Qafqaz regionunda etimadın və möhkəm sülhün bərqərar ollması, qlobal və regional nəqliyyat-logsitika kommunikasiyalarının nizamlanmasında ikitərəfli əməkdaşlıq zəruridir. Regional kommunikasiyaların açılmasının və maneəsiz fəaliyyətinin təmin edilməsinin, xüsusən beynəlxalq nəqliyyat-logistika sisteminin turbulentliyi şəraitində üçtərəfli bəyanatların Rusiya Federasiyasının və Azərbaycan Respublikasının əməkdaşlığında “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin rolunun artması ilə bağlı müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Tədbir iştirakçıları xüsusən şuranın iclaslarının müntəzəm keçirilməsi yolu ilə Rusiya-Azərbaycan qarşılıqlı anlaşmasının səviyyəsini artırmağa hazır olduqlarını bildiriblər. Bununla əlaqədar, şura iclasının iştirakçıları RAEŞ tərəfindən iki ölkənin strateji tərəfdaşlığının müxtəlif cəhətlərinə aid praktiki tövsiyələrin əks olunduğu rəsmi sənəd qəbul ediblər.