logo

Bakıətrafı elektrik qatarlarda gecikmələrin səbəbi açıqlanıb

15:58 17-11-2022 | icon 1981
Bakıətrafı elektrik qatarlarda gecikmələrin səbəbi açıqlanıb

Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən YeniAvropa-ya bildirilib ki, səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub. Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib. Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib.

Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib.

Yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparılır.