logo

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib

18:08 16-11-2022 | icon 1057
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib.

Dövlət proqramında qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış və işğal olunmuş ərazilər rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.

Otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun əsas prioritet istiqamətlər “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili”, “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini”, “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması”, “Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması”, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası”, “Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi” məsələləri daxildir.

Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.

Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir.