logo

Bakıda VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

11:55 16-11-2022 | icon 1603
Bakıda VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Noyabrın 24-25-də Bakıda "Azərbaycan Banklar Assosiasiyası"(ABA) İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə  ABA-dan bildirilib.

Qeyd edilib ki, forum "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" devizi altında keçiriləcək.

Forumda dövlət qurumlarının, kommersiya banklarının, yerli və xarici biznes strukturlarının, beynəlxalq maliyyə institutlarının, ictimai təşkilatların rəhbərlərinin, eləcə də ABŞ, Türkiyə, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirdə “Postpandemiya dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” mövzularında panel müzakirələri aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1 000-dən çox iştirakçının dinləyici kimi qoşulacağı gözlənilir.

Bu forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.