logo

Avropa İttifaqı Ukrayna hərbçiləri üçün təlim missiyasına başlayıb

19:59 15-11-2022 | icon 1484
Avropa İttifaqı Ukrayna hərbçiləri üçün təlim missiyasına başlayıb

Avropa İttifaqı Şurası Ukrayna hərbçilərinə təlim keçmək üçün Aİ-nin Ukraynaya hərbi yardım missiyasının (EUMAM Ukraine) fəaliyyətə başladığını elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə Aİ Şurasının noyabrın 15-də Brüsseldə dərc olunan kommünikesində bildirilir.

“Oktyabrın 17-də rəsmən yaradılmış missiyanın məqsədi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də mülki əhalisini qoruya bilməsi üçün Ukrayna Silahlı Qüvvələrinin hərbi potensialını artırmaqdır”, - kommünikedə belə deyilir.

Missiyanın mandatı Aİ-yə üzv dövlətlərin ərazisindəki bir neçə yerdə Ukrayna ordusunun 15 minədək hərbi qulluqçusunun fərdi, kollektiv və ixtisaslaşdırılmış hazırlanmasını nəzərdə tutur. Avropa xarici siyasət xidmətinin strukturuna daxil olan hərbi planlaşdırma departamentinin direktoru, vitse-admiral Erve Blejan missiyaya komandir təyin edilib.

Şura, həmçinin “EUMAM Ukraine-nin köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək” üçün Avropa Sülh Fondu çərçivəsində 16 milyon avro ayırmağı qərara alıb. Bu vəsait hesabına Aİ-yə üzv dövlətlər tərəfindən Ukrayna tərəfinin döyüş sursatları, hərbi texnika ilə təchizatı, eləcə də tədarük olunan texnikanın daşınması, texniki xidməti və təmiri maliyyələşdiriləcək.

Missiyanın mandatı iki ildir. Missiya üçün ayrılan vəsait 3,1 milyard avrodan çox fondu olan Avropa Sülh Fondu çərçivəsində Aİ-nin Ukraynanı maliyyələşdirməsini tamamlayacaq.

“Aİ Ukraynanın tərəfində qətiyyətlə dayanıb və ona lazım olduğu qədər hərbi, iqtisadi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, - deyə Aİ Şurasının kommünikesində vurğulanır.