logo

Bakıda Suveren Fondların Beynəlxalq Forumunun illik iclası keçirilir

17:47 15-11-2022 | icon 1659
Bakıda Suveren Fondların Beynəlxalq Forumunun illik iclası keçirilir

Bakıda Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) həmtəşkilatçılığı ilə “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” (”Mobilising Capital for Change”) başlığı altında Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü illik iclası keçirilir.

YeniAvropa xəbər verir ki, Suveren Sərvət Fondları - təbii sərvətlərdən əldə edilən gəlirlər hesabına formalaşan və əsas məqsədi toplanan vəsaitləri dünya bazarlarında istiqrazlar, səhmlər, daşınmaz əmlak, qiymətli metallar və ya digər maliyyə alətlərinə investisiya etməklə əlavə gəlir qazanmaq olan dövlət maliyyə fondlarıdır.

Vahid fəaliyyət standartlarının müəyyən edilməsi və təşviqi məqsədilə yaradılmış, 6 trilyon ABŞ dollarından artıq həcmdə vəsaitləri idarə edən, 32 ölkəni təmsil edən, 37 tam üzv və 9 üzv olmayan tərəfdaş suveren fondları birləşdirən vahid beynəlxalq təşkilat SFBF–nin təsis olunmasında ARDNF ilkin təşəbbüskar kimi çıxış etmiş və Forumun ilk üzvlərindən biri olmuşdur.

Əlamətdar haldır ki, SFBF-nin ilk tarixi görüşü 2009-cu ildə Azərbaycan hökuməti və ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilib.

Neft Fondunun ev sahibliyi ilə təşkil olunan illik iclas zamanı SFBF-nin İdarə Heyətinin, üzv Fondların və Azərbaycan Respublikasının dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri və işgüzar görüşlər təşkil olunub.

Bakıda keçirilən tədbir ARDNF üçün dünyanın qabaqcıl fondları və maliyyə təşkilatları ilə risklərin idarə edilməsi üzrə təcrübə mübadiləsi və potensial investisiya imkanlarına dair fikir mübadiləsi baxımından yüksək əhəmiyyət daşıyır.

Tədbiri açılış nitqi ilə açan ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov bildirib ki, “növbəti ay fəaliyyətinin 23 illiyi tamam olan Fondun fəaliyyətində SFBF kimi qlobal təsisatın instusional idarəetmə və hesabatlılıq standartlarının öz əksini tapması Fondun ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin olunmasında rolunun möhkəmləndirilməsinə zəmin yaradır”. Tədbirin AR hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan işgüzar sessiyasına toxunan cənab Məmmədov “Bu forum Azərbaycanın 2030-cu ilə baxış və 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi strategiyası kontekstində ölkənin yaxın müddətli inkişaf potensialının və inkişaf istiqamətlərinin iri instusional investorlara əyani nümayişi üçün uğurlu platformadır”, - İ.Məmmədov deyə vurğulayıb.

Tədbir noyabrın 17-dək davam edəcək.