logo

Mədət Quliyev Pakistanda “IDEAS-2022” sərgisində iştirak edir

15:30 15-11-2022 | icon 469
Mədət Quliyev Pakistanda “IDEAS-2022” sərgisində iştirak edir

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “IDEAS-2022” 11-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, noyabrın 15-dən 18-dək davam edəcək mötəbər tədbirə dünyanın 57-dən çox ölkəsindən 300-dən çox nümayəndə heyəti qatılıb.

“IDEAS 2022” Beynəlxalq müdafiə sərgisinin açılış mərasimində iştirak edən M.Quliyev stendləri ziyarət edib, o cümlədən qardaş Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin stendi ilə tanış olub, nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sonra M.Quliyev Pakistan İslam Respublikasının Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə hər iki nazir Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq maraq doğuran məsələlər haqqında danışıb, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin Pakistanın dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.