logo

Baş Prokurorluq təkzib edir:Vətəndaşın hüququ pozulmayıb

12:32 15-11-2022 | icon 1071
Baş Prokurorluq təkzib edir:Vətəndaşın hüququ pozulmayıb

Əvvəllər Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən oğurluq, dələduzluq, vergiləri ödəməkdən yayınma, özbaşınalıq cinayətlərinə görə 2011-ci ildə məhkəmə məsuliyyətinə verilərək uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Böyükağa Abdullayevin “Hürriyyət” qəzetinin 2022-ci il 15 noyabr tarixli buraxılışında dərc olunmuş, faktların qərəzli surətdə təhrif olunduğu məqaləsində Vüqar Məmmədovun hüquqlarının guya Binəqədi və Xəzər rayonlarının ibtidai araşdırma orqanları tərəfindən pozulması, süründürməçilik hallarına yol verilməsinə dair xüsusatlar tərəfimizdən təkzib edilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasında bildirlib.

Qeyd edilib ki, vətəndaş Vüsal Əkbərovun 2021-ci ilin aprel-may aylarında Binəqədi rayonu ərazisində Əhəd Hüseynova qarşı dələduzluq edərək onun xeyli miqdarda pul vəsaitini ələ keçirməsi faktına görə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

2022-ci il iyunun 6-da onun barəsində olan həmin cinayət işi mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib, hazırda məhkəmə baxışı davam edir.

Həmçinin Böyükağa Abdullayevin mətbuatda özünü nümayəndəsi kimi təqdim etdiyi Vüqar Məmmədovun 4 min manat pulunun 2021-ci ilin oktyabrında V.Əkbərov tərəfindən ələ keçirilməsi barədə ərizəsi Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə daxil olub.

V.Əkbərovun barəsində Binəqədi rayon Polis İdarəsində olan cinayət işi üzrə istintaq yekunlaşdığından həmin müraciətin vahid icraatda araşdırılması mümkün olmayıb və bu səbəbdən ərizə iddia olunan qanunsuz hərəkətin törədildiyi ərazi aidiyyəti nəzərə alınaraq Xəzər Rayon Polis İdarəsində araşdırılmaqla, hər iki şəxs arasında mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinib. Bununla bağlı müvafiq prosessual qərar qəbul edilməklə, tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunub.

Eyni zamanda, media nümayəndələrindən ibtidai araşdırma orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan məlumatların dərc olunmazdan əvvəl Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunmaqla, həqiqətə uyğun olmayan, cinayət təqibi orqanlarının və məhkəmələrin qanuni fəaliyyəti nəticəsində məhkum olunmuş şəxslərin qərəzli, böhtan xarakterli və ibtidai araşdırmaya qanunsuz təsir göstərmək məqsədi daşıyan yazıların yayımlanmasının qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olması diqqətə çatdırılır.