logo

Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

14:54 14-11-2022 | icon 1295
Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əvvəlcə general-polkovnik Z.Həsənov nümayəndə heyəti ilə birgə Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Sonra müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu qeyd olunub. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana işgüzar səfərinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib. Ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.